Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
İşğaldan azad edilmiş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi yaydığı məlumatda bildirilir ki, Qarabağ və Şərqi Zəngəzurda paylayıcı şəbəkədə görülən yenidənqurma işlərinin böyük hissəsi dövlət əsaslı vəsait qoyuluşları hesabına maliyyələşdirilir. Bu istiqamətdə dövlət dəstəyinin davamı olaraq, “Azərişıq” ASC-nin təklifləri əsasında Tarif (qiymət) Şurasının iclasında işğaldan azad olunmuş ərazilərdə elektrik enerjisi şəbəkəsinə qoşulma xidmətinə görə ödəniş məbləğlərinə güzəştlər müəyyən edilib.
Məişət abonentlərinin, həmçinin istehlak gücü 20 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin mövcud 0,4 kV-luq elektrik şəbəkəsinə 1 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.
İstehlak gücü 20 kVt-dan çox olan məişət abonentlərinin və istehlak gücü 200 kVt-a qədər olan qeyri-yaşayış obyektlərinin 0,4 kV-luq elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulmasına 65% güzəşt tətbiq ediləcək.
Həmçinin, istehlak gücü 200 kVt-a qədər (orta gərginlikli şəbəkədən) və 200 kVt-dan yuxarı olan qeyri-yaşayış obyektlərinin, habelə elektrik enerjisi istehsalçılarına aid tikinti obyektlərinin aşağı və orta gərginlikli elektrik şəbəkəsinə 3 fazlı sxem üzrə qoşulması ödənişsiz olacaq.
Bu sahədə tətbiq olunan güzəşt və azadolmalar abonentlər üçün elektrik şəbəkəsinə qoşulma prosesini daha əlçatan və sərfəli edəcək. Bu isə işğaldan azad edilmiş ərazilərdə əhalinin məskunlaşmasını dəstəkləməklə yanaşı, sahibkarlıq subyektlərinə əlavə stimul verəcək.
Enerji şəbəkəsinə qoşulma xərclərinin azalması sahibkarlar üçün layihələrin maliyyə səmərəliliyini artırır, yeni iş yerlərinin yaradılmasını dəstəkləyir.
“Dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsi” üzrə təbii qaz tarifi müəyyənləşdirilib.
Ölkənin təbii resurslarından səmərəli istifadə, qara metallurgiyanın emal mərhələlərini əhatə edən istehsal müəssisələrinin qurulması istiqamətində işlər aparılır.
Bununla əlaqədar, dəmir filizlərinin və konsentratlarının aqlomerasiyası (pelletləmə) və birbaşa reduksiya/bərpa texnologiyası ilə dəmir istehsalı sahəsi üzrə təbii qaz tarifi azaldılaraq, 1000 kub metr üçün ƏDV ilə birlikdə 200,6 manat səviyyəsində təsdiq edilmişdir. Qeyd edək ki, hazırda sənaye sektoru üzrə təbii qaz tarifi 1000 kub metr üçün ƏDV ilə birlikdə 240 manatdır. Bu qərar dəmir filizi istehsalı üzrə iri emal müəssisələrinin inkişafını, bu sahə üzrə dəyər zəncirinin formalaşmasını stimullaşdıracaq.
Bu sahədə Daşkəsən dəmir filizi yatağının işlənməsi ölkəmiz üçün böyük iqtisadi səmərələr vəd edən irimiqyaslı layihədir. Daşkəsən dəmir filizi layihəsi çərçivəsində dəyər zənciri üzrə filizin hasilatından başlayaraq dəmir filizi konsentratının istehsalı, şlam boru kəməri ilə nəql və son mərhələdə pellet istehsalı nəzərdə tutulur. Bu layihə idxaldan asılılığın azaldılmasına, ixrac imkanlarının genişlənməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət etməklə qeyri-neft-qaz sektorunun inkişafına töhfə verəcək.
Elektrik enerjisi və təbii qaz üzrə sabit tariflər müəyyənləşdirilib.
“Elektroenergetika haqqında” və 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minən yeni “Qaz təchizatı haqqında” qanunlara əsasən, istehlak səviyyəsindən asılı olmadan sabit xarakterli xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsi məqsədilə sabit tarif müəyyənləşdirilmişdir. Qeyd edək ki, elektrik enerjisi və təbii qaz təchizatında abonentlərdən hər ay sabit ödənişlərin alınması bir çox ölkələrdə tətbiq olunur. Beynəlxalq təcrübədə sabit ödənişlərin tətbiqi istehlakçının istifadə etdiyi elektrik enerjisi və təbii qazın miqdarından asılı olmayaraq, infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər əməliyyat xərclərinin qarşılanmasında mühüm əhəmiyyət kəsb edir.
Tarif (qiymət) Şurası tərəfindən elektrik enerjisi üzrə aylıq sabit tarif əhali və 1 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 1 manat, 3 fazlı təchizat sxemi ilə enerji istehlak edən qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilmişdir.
Təbii qaz üzrə aylıq sabit tarif isə əhali və məişət qaz qurğuları ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 1 manat, sənaye qaz qurğusu ilə qoşulan qeyri-əhali istehlakçıları üzrə 3 manat müəyyənləşdirilmişdir.
Bir qrup dərmanın qiyməti tənzimlənib.
Tarif Şurasının iclasında yeni dövlət qeydiyyatına alınan 237 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilib, 5 dərman vasitəsinin qiymətinin yuxarı həddi aşağı salınıb və etibarlı təchizatın təmin olunması məqsədilə 53 dərman vasitəsinin qiymətinin yuxarı həddində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiymətlərinin yuxarı həddi təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.
Aİ-92 markalı benzinin və dizelin tarifləri müəyyənləşdirilib.
Son illərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olmuşdur.
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə 2025-ci ilin sentyabr ayında müvafiq Fərmanla “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu yaradılıb.
Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi, avtomobil benzininin, dizelin və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi müəyyən edilib.
Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib.
Bununla bağlı, Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib.
Yanacaq tariflərinin müəyyən hissəsi “İctimai nəqliyyat” Məqsədli Büdcə Fonduna yönəldilməklə, əhaliyə daha keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsinə, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması məqsədləri üçün istifadə olunacaqdır.
Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (tariff.gov.az-da) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.
Qərarlar 2026-cı il 1 yanvar tarixindən qüvvəyə minir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
48 d. əvvəl
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dövlət şirkətlərini və publik hüquqi şəxsləri monitorinq edəcək agentlik yaradıldı - FƏRMAN
-
1 saat əvvəl
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azad edilmiş ərazilərdə bir sıra obyektlər üçün elektrikə qoşulma xidməti pulsuz oldu
-
1 saat əvvəl
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
- 1 saat əvvəl
-
1 saat əvvəl
Ölkədə ilk dəfə - “PAŞA Bank” yeni POS nağdlaşdırma funksiyasını istifadəyə verdi
-
2 saat əvvəl
Hər 20 litr Aİ-92 benzin və ya 10 litr dizel 1 manat baha başa gələcək
Son Xəbərlər
Mərkəzi Bank 2026-cı ilin ilk iş gününün rəsmi məzənnəsini açıqladı
6,3 milyard manatlıq defisiti olan "Azərbaycan Dəmir Yolları" 331 investordan 30 milyon dollar borc aldı
"Hazırda yumurta Gürcüstanda 43 qəpiyə, Türkiyədə 33 qəpiyə, Azərbaycanda isə 16-19 qəpiyə satılır. Nəticələr, çox əladır"
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb
"Qızıl Fond üçün 11 milyard dollar gəlir formalaşdırıb" - AZƏRBAYCAN FONDUNUN DİREKTORU
Dünya Bankı qiymətləndirməsində Azərbaycanın maliyyə xidmətləri üzrə 101 ölkə arasında zirvədə
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
Ən çox oxunanlar
Dövlət bir sıra məhsul və xidmətlər üzrə qiymətlərə dəyişiklik etdi
“SİMA İmza”nın tərəfdaş sayı 100-ə çatdı
ABB-dən daha 3 hesabat!
Azərbaycanda Aİ-92 markalı benzin və dizel bahalaşdı

























