İlham Əliyev Bakıda elektrik stansiyasının istismara verilməsi mərasimində - YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 5-də Bakıda “Şimal-2” elektrik stansiyasının istismara verilməsi mərasimində iştirak edib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev, Yaponiyanın Xarici İşlər nazirinin parlamentar müavini Kenji Yamada, Yaponiyanın ölkəmizdəki səfiri Teruyuki Katori dövlətimizin başçısına burada görülən işlər barədə məlumat verdilər.
Qeyd edək ki, 1950-ci illərdə iki mərhələdə istifadəyə verilən “Şimal” Elektrik Stansiyasının 1988-ci ildə birinci, 1998-ci ildə ikinci növbəsi tam köhnəldiyindən istismardan çıxarılmışdı. 1998-ci ildə ulu öndər Heydər Əliyev Yaponiyaya səfəri zamanı 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının tikintisi üçün ölkəmizə investisiya cəlb olunmasına nail olub. Beləliklə 2000-ci ildə əsası qoyulan 400 meqavatlıq “Şimal-1” stansiyası 2002-ci ildə istismara verilib. 2011-ci ildə isə Prezident İlham Əliyevin iştirakı ilə ərazisi 104,9 hektar, gücü 400 meqavatlıq “Şimal-2” Elektrik Stansiyasının təməli qoyulub. Ötən ilin payızından başlayaraq “Şimal-2” Elektrik Stansiyasının tikinti və quraşdırma prosesləri sürətləndirilərək 2019-cu ildə işlər tamamlanıb.
Ümumi qoyuluş gücü 800 MVt olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının vahid mərkəzdən idarə edilməsi, istismar prosesində əməliyyatların operativliyinin təmin olunması və ekstremal qəza vəziyyətlərində işdə pozuntuların operativ aradan qaldırılması nəzərə alınaraq ərazidə Mərkəzi İdarəetmə Binası inşa edilib.
Binada elektrik stansiyasının tarixini əks etdirən eksponatların sərgiləndiyi muzey də fəaliyyət göstərir. Burada iclas və konfrans zalları da yaradılıb. Yeni istifadəyə verilən idarəetmə binasında vahid dispetçer idarəetmə mərkəzi və stansiyanın mikro SCADA sistemi yaradılıb. Stansiyanın enerjisistemin ümumi idarəetmə sisteminə inteqrasiyası üçün serverlər quraşdırılıb və optik kabel xətti çəkilib. Yeni binada stansiyaya aid olan bütün kommunikasiya əlaqələrinin vahid sxemə uyğun birləşdirilməsi təmin edilib. “Şimal-1” və “Şimal-2” elektrik stansiyalarının birlikdə il ərzində gözlənilən istehsalı 5,7 milyard kilovat-saatdır.
Stansiyada Yaponiyanın “Mitsubishi” şirkətinin istehsalı olan 138 MVt gücündə buxar, 267 MVt gücündə qaz turbinləri, 560 MVA gücündə elektrik generatoru və onların köməkçi sistemləri quraşdırılıb. Enerji blokunda istehsal olunan elektrik enerjisi 480 MVA gücündə olan blok transformatordan qapalı tipli yarımstansiya vasitəsilə elektrik veriliş xətlərinə ötürülür. Müxtəlif gərginlik sinfinə malik olan paylayıcı qurğular arasında əlaqəni təmin etmək üçün 2 avtotransformator quraşdırılıb. Burada istehsal olunan elektrik enerjisinin ötürülməsi məqsədilə Abşeron regionunda 220 kV-luq dairəvi sxem qurulub, “Şimal” Elektrik Stansiyasının “Sumqayıt ES” və “Abşeron YS” ilə əlaqələndirilməsi üçün 65 kilometr uzunluğunda 220 kV-luq dörd hava elektrik verilişi xətti istismara verilib. Qəza rejimlərində stansiyanın vacib sistemlərinin elektrik enerjisi ilə qidalandırılması üçün qəza dizel generatoru quraşdırılaraq xüsusi sərfiyyat sxeminə qoşulub və avtomatik ehtiyatdan qoşulması təmin edilib.
Prezident İlham Əliyev “Şimal-2” Elektrik Stansiyasını işə saldı.
Hazırda ən yüksək faydalı iş əmsalına malik olan “Şimal-1” və “Şimal-2” elektrik stansiyaları birlikdə respublika üzrə elektrik enerjisi istehsalının 20 faizini, Bakı və Abşeron yarımadası üzrə 40-50 faizini təşkil edəcək. “Şimal” Elektrik Stansiyası enerjisistemin texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılmasına əsaslı təsir etməklə yanaşı, il ərzində 77 milyon kubmetr təbii qazın qənaətinə və regionlardan Bakı şəhərinə verilən enerjinin miqdarının 20 faiz azalması nəticəsində elektrik enerjisinin uzaq məsafədən ötürülməsindən yaranan 199 milyon kVts elektrik enerjisi itkisinə qənaət olunmasına imkan yaradacaq. Bundan başqa, “Şimal” Elektrik Stansiyası 57,4 faiz faydalı iş əmsalına malikdir ki, bu da Cənubi Qafqaz regionunda ən yüksək faydalı iş əmsalı deməkdir. Elektrik stansiyası il ərzində 3,2 milyard kVts elektrik enerji istehsal edəcək və hər bir kVts elektrik enerjisinin buraxılışına 214,3 qram şərti yanacaq sərf ediləcək ki, bu da enerjisistemin ümumi göstəricisindən 65 qram azdır.
Stansiyanı yüksək təzyiqli yanacaqla təmin etmək məqsədilə yeraltı qaz kəməri, qaz tənzimləyici və təmizləyici qovşaq, qazqızdırıcı qurğular və kompressor stansiyası tikilib. Stansiyanın buxar turbinlərinin kondensatorları və avadanlıqları Xəzər dənizindən götürülən su vasitəsilə soyudulur. Bu məqsədlə Xəzər dənizindən 140 metr uzunluğunda soyuducu su kanalı, hovuz, su xətti və ümumi məhsuldarlığı saatda 52 min kvadratmetr olan sahil nasos stansiyası, o cümlədən buxar turbininin kondensatorundan çıxan soyuducu suyun Xəzər dənizinə qaytarılması üçün boru xətti inşa olunub. Stansiyanın texniki və içməli suya olan tələbatının təmin edilməsi və su ehtiyatının yaradılması məqsədilə ərazidə duzsuzlaşdırma qurğusu və digər zəruri infrastruktur yaradılıb. Stansiyanın yanğın təhlükəsizliyinin təmin edilməsi üçün ərazidə yanğınsöndürmə sistemi də müasir səviyyədə qurulub.
Ətraf mühitin mühafizəsi məqsədilə stansiyada əksosmos qurğusu, xüsusi ekoloji monitorinq sistemi, sənaye tullantılarının və çirkab sularının təmizlənməsi qurğuları inşa olunub. Stansiyanın avadanlıqlarının normal istismarı və reqlament üzrə texniki xidmətin aparılması məqsədilə stansiyada ekspress və kimya, elektrotexniki və sınaq-diaqnostika laboratoriyaları, müxtəlif müasir dəzgahlarla komplektləşdirilmiş mexaniki təmir emalatxanası və qapalı mərkəzi anbar binası tikilib, təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri işlər görülüb, videomüşahidə sistemi yaradılıb. Ərazidə genişmiqyaslı abadlıq-quruculuq işləri aparılıb, yaşıllıqlar salınıb, müxtəlif ağac və gül kolları əkilib.
Dövlətimizin başçısı stansiyanın kollektivi ilə xatirə şəkli çəkdirdi.
Stansiyanın kollektivinə uğurlar arzulayan Prezident İlham ƏLİYEV dedi:
-Təbrik edirəm. Stansiyanın açılışı çox əlamətdar hadisədir. Azərbaycanda elektrik enerjisinə olan tələbat artır və əlbəttə ki, istehsal gücləri bu tələbata uyğun olmalıdır. Ona görə bu stansiyanın çox böyük əhəmiyyəti var.
Yaponiya şirkətlərinə də təşəkkürümü bildirirəm, burada çox fəal işləyiblər, bu stansiyanı yüksək keyfiyyətlə qurublar. Stansiyanın qurulması Yaponiya-Azərbaycan əməkdaşlığının təzahürüdür və Xarici İşlər Nazirinin müavini də xüsusilə bu məqsədlə Azərbaycana səfər edib. Əminəm ki, bizim ikitərəfli əlaqələrimiz gələcəkdə də uğurla inkişaf edəcək, çünki hələ bir çox layihələr icra olunmalıdır.
Bu stansiyanın fəaliyyətə başlaması elektrik enerjisi sahəsində çox əlamətdar hadisədir. Mən şadam ki, biz bu gün bu stansiyanın açılışını edirik. Azərbaycanda bundan sonra da sənaye istehsalının və iqtisadiyyatın artımı elektrik enerjisi mənbələri ilə təmin edilməlidir. Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzulayıram.
X X X
Respublikamızda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar, çoxsaylı sənaye və aqrar-sənaye obyektlərinin yaradılması elektrik enerjisinə və ehtiyat generasiya güclərinə tələbatı daha da artırdığından “Şimal-2” Elektrik Stansiyasının istismara verilməsi çox əhəmiyyətlidir. Bu, iqtisadi cəhətdən istehsal prosesinin səmərəliliyinin yüksəlməsinə, elektrik enerjisinin istehsalına sərf olunan yanacağın əhəmiyyətli dərəcədə azalmasına, ixrac potensialının artırılmasına və digər texniki imkanların genişləndirilməsinə şərait yaradır. Bütün bunlar isə ümumilikdə ölkəmizin iqtisadi potensialının möhkəmləndirilməsi istiqamətində dövlət tərəfindən atılan addımların ardıcıl və məqsədyönlü şəkildə davam etdiyini göstərir.
GƏLİRİN SƏNİ QANE ETMİRSƏ, HƏR SANİYƏ QAZANA BİLƏCƏYİN YATIRIMA BAŞLA!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 30 d. əvvəl
-
-
33 d. əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
55 d. əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
Ən çox oxunanlar
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub




















