Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
AmCham Azərbaycanın İcraçı Direktoru Zaur Kərimov dayanıqlı iqtisadi inkişaf, innovasiya və özəl sektorun rolu ilə bağlı fikirlərini bölüşüb.
AmCham Azərbaycanın İqtisadi Transformasiyasında Rolu
- Zaur məllim, AmCham Azərbaycan uzun illərdir ki, özəl sektor, dövlət qurumları və beynəlxalq biznes ictimaiyyəti arasında mühüm əməkdaşlıq platforması rolunu oynayır. Siz AmCham-ın Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi və dayanıqlı iqtisadi transformasiya prosesində rolunu necə qiymətləndirirsiniz?
- AmCham Azərbaycan ölkənin aparıcı qeyri-kommersiya biznes assosiasiyası kimi artıq 30 ildir ki, özəl sektorun inkişafına, əlverişli biznes mühitinin formalaşmasına və dövlət-özəl sektor dialoqunun gücləndirilməsinə töhfə verir. Hesab edirik ki, iqtisadi transformasiya yalnız dövlətin deyil, biznes ictimaiyyətinin, akademik dairələrin və digər maraqlı tərəflərin birgə əməkdaşlığı nəticəsində mümkün ola bilər.
Bu gün AmCham Azərbaycan 280-dən artıq aparıcı yerli və beynəlxalq şirkəti öz ətrafında birləşdirərək ölkənin biznes icmasının ən nüfuzlu platformalarından biri kimi fəaliyyət göstərir. Palatamız müxtəlif sektorları təmsil edən şirkətlərin maraqlarını bir araya gətirir, onların qarşılaşdığı çağırışları və prioritetləri müəyyənləşdirərək aidiyyəti dövlət qurumları ilə konstruktiv dialoqun qurulmasına dəstək verir.
AmCham olaraq biz biznes ictimaiyyətinin vahid səsini formalaşdırır, özəl sektorun mövqeyinin qərarvermə proseslərində nəzərə alınmasına töhfə verir və ölkənin iqtisadi inkişaf prioritetlərini dəstəkləyən təşəbbüslərin irəli sürülməsində fəal iştirak edirik. İnanırıq ki, güclü dövlət–özəl sektor tərəfdaşlığı, açıq dialoq və qarşılıqlı etimad Azərbaycanın dayanıqlı iqtisadi inkişafının əsas amillərindən biridir
İnnovasiya və Özəl Sektorun Rolu
- Bu gün innovasiya və yeni texnologiyalar iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən hesab olunur. Azərbaycanın biznes sektoru innovasiyaların təşviqində hansı rolu oynaya bilər?
- Müasir dövrdə rəqabət qabiliyyətinin artırılması üçün innovasiya artıq seçim deyil, zərurətdir. Özəl sektor yeni texnologiyaların tətbiqi, rəqəmsal həllərin inteqrasiyası, startap ekosisteminin inkişafı və innovativ biznes modellərinin formalaşdırılmasında aparıcı rol oynayır.
Azərbaycanda innovasiya ekosisteminin inkişafında biznes sektorunun rolu yalnız yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Şirkətlər eyni zamanda innovasiya mədəniyyətinin formalaşdırılması, tədqiqat və inkişaf təşəbbüslərinin dəstəklənməsi, startaplarla əməkdaşlıq və gələcəyin bacarıqlarına investisiyalar vasitəsilə bu prosesə mühüm töhfə verə bilərlər. Bu istiqamətdə biznes, dövlət və akademik dairələr arasında əməkdaşlığın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Məhz bu əməkdaşlığın təşviqi AmCham Azərbaycanın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Biz innovasiya və rəqəmsal transformasiyanı ölkənin iqtisadi inkişafının vacib prioritetlərindən biri hesab edir və bu sahədə biznes ictimaiyyətinin fəal iştirakını dəstəkləyirik. Bu gün Palata nəzdində fəaliyyət göstərən 11 komitə və 3 işçi qrupu vasitəsilə müxtəlif sektorları təmsil edən şirkətləri bir araya gətiririk. Xüsusilə İnnovasiya və Rəqəmsal İqtisadiyyat Komitəsi, eləcə də Süni İntellekt üzrə İşçi Qrupu innovasiya ekosisteminin inkişafına yönəlmiş təşəbbüslərin formalaşdırılmasında fəal rol oynayır.
Biz mütəmadi olaraq dövlət qurumları və özəl sektor nümayəndələri arasında dialoq platformaları təşkil edir, biznes ictimaiyyətinin mövqeyini əks etdirən təkliflər və mövqe sənədləri hazırlayırıq. Bu təşəbbüslərin bir çoxu sonradan mövqe sənədlərində və hər iki ildən bir təqdim olunan Ağ Sənəddə öz əksini taparaq aidiyyəti dövlət qurumlarına təqdim olunur.
Bununla yanaşı, süni intellekt, rəqəmsal transformasiya və innovasiya mövzularında forumlar, panel müzakirələri, hackathonlar və digər təşəbbüslər vasitəsilə maraqlı tərəflər arasında bilik mübadiləsini və əməkdaşlığı təşviq edirik. Hesab edirik ki, innovasiya ekosisteminin inkişafı üçün texnologiya ilə yanaşı əməkdaşlıq, bilik mübadiləsi və əlverişli biznes mühiti də həlledici əhəmiyyət daşıyır.
Dayanıqlı İqtisadi İnkişaf və ESG Gündəliyi
- Qlobal biznes mühitində ESG prinsipləri dayanıqlı iqtisadi inkişafın mühüm elementlərindən biri kimi qəbul olunur. Siz bu yanaşmanın Azərbaycanda biznes mühitinin inkişafına və qeyri-neft sektorunun rəqabət qabiliyyətinə təsirini necə qiymətləndirirsiniz?
- Dayanıqlı iqtisadi inkişafın əsas şərtlərindən biri bizneslərin uzunmüddətli dəyər yaratmağa yönəlmiş və məsuliyyətli idarəetmə prinsiplərinə əsaslanan fəaliyyət modelidir. Azərbaycanın qeyri-neft sektorunda böyük potensial mövcuddur və bu potensialın reallaşdırılması üçün dayanıqlı biznes təcrübələrinin geniş tətbiqi xüsusi əhəmiyyət daşıyır.
Bu gün qlobal iqtisadiyyatda rəqabət qabiliyyəti artıq yalnız maliyyə göstəriciləri ilə deyil, həm də şirkətlərin dayanıqlılıq prinsiplərinə sadiqliyi və məsuliyyətli idarəetmə yanaşmaları ilə qiymətləndirilir. Bu baxımdan, Azərbaycanın qeyri-neft sektorunun inkişafında ESG prinsiplərinin tətbiqi mühüm rol oynayacaq.
AmCham Azərbaycan olaraq biz bu istiqamətdə biznes ictimaiyyətində maarifləndirmənin və qabaqcıl təcrübələrin təşviqinə xüsusi önəm veririk. Bunun nümunələrindən biri Palatamız tərəfindən hazırlanmış Dayanıqlılıq üzrə Təlimat Kitabıdır (Sustainability Handbook). Bu təşəbbüs şirkətlərə ESG prinsiplərinin tətbiqi və dayanıqlı biznes yanaşmalarının mənimsənilməsi istiqamətində praktiki dəstək göstərir.
İnanırıq ki, iqtisadi transformasiyanın uğuru yalnız texnoloji inkişafla deyil, eyni zamanda dayanıqlı və inklüziv inkişaf prinsiplərinin biznes mühitində geniş tətbiqi ilə mümkün olacaq. AmCham Azərbaycan gələcəkdə də ölkənin iqtisadi şaxələndirilməsi və dayanıqlı inkişaf məqsədlərinə töhfə verən təşəbbüslərin dəstəklənməsində fəal rol oynamağa davam edəcək.
Gələcək Perspektivlər: İqtisadi İnkişafının Növbəti Mərhələsi
- Sizcə, Azərbaycanın növbəti inkişaf mərhələsində ölkənin innovasiya, investisiya və rəqabət qabiliyyətini daha da gücləndirmək üçün hansı istiqamətlərə xüsusi diqqət yetirilməlidir?
- İlk növbədə qeyd etmək istərdim ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi şaxələndirmə siyasəti, qeyri-neft sektorunun inkişafına göstərilən diqqət, rəqəmsallaşma, innovasiya və yaşıl enerji sahələrində həyata keçirilən təşəbbüslər Azərbaycanın dayanıqlı iqtisadi inkişafı üçün möhkəm zəmin formalaşdırıb.
Mən hesab edirəm ki, Azərbaycanın innovasiya, investisiya və rəqabət qabiliyyətinin daha da gücləndirilməsi üçün növbəti mərhələdə əsas diqqət yüksək əlavə dəyər yaradan sahələrin inkişafına, texnologiya və bilik əsaslı sahibkarlığın təşviqinə, insan kapitalına investisiyaların artırılmasına və beynəlxalq investisiyaların cəlb edilməsinə yönəlməlidir. Eyni zamanda, ölkəmizin regional innovasiya və biznes mərkəzi kimi mövqeyinin daha da möhkəmləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın strateji coğrafi mövqeyi, inkişaf edən nəqliyyat-logistika infrastrukturu, yaşıl enerji potensialı və beynəlxalq tərəfdaşlıqları bu istiqamətdə mühüm üstünlüklər yaradır. Bu imkanların effektiv şəkildə dəyərləndirilməsi dövlət və özəl sektor arasında əməkdaşlığın daha da gücləndirilməsini tələb edir.
AmCham Azərbaycan olaraq biz ölkə rəhbərliyi tərəfindən müəyyən edilmiş strateji inkişaf prioritetlərini yüksək qiymətləndirir və biznes ictimaiyyətinin bu məqsədlərə töhfəsini artırmaq üçün fəaliyyətimizi davam etdiririk. İnanırıq ki, bu istiqamətdə atılan addımlar Azərbaycanın uzunmüddətli rəqabət qabiliyyətinin və investisiya cəlbediciliyinin daha da artmasına xidmət edəcək.
AmCham Azərbaycan haqqında
Azərbaycanda Amerika Ticarət Palatası (AmCham Azərbaycan) ölkənin aparıcı biznes assosiasiyası olaraq iqtisadiyyatın bütün sektorlarını təmsil edən 280-dən çox üzv şirkət və təşkilatı bir araya gətirir. Palata biznes mühitinin təkmilləşdirilməsi istiqamətində təşəbbüslər, konstruktiv dialoq və strateji əməkdaşlıq vasitəsilə biznes ictimaiyyəti, dövlət qurumları və beynəlxalq tərəfdaşlar arasında etibarlı platforma rolunu oynayaraq Azərbaycanın biznes mühitinin daha da inkişafına töhfə verir.
Müştərilərin xəbərləri
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
12 d. əvvəl
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
-
32 d. əvvəl
UForex-dən böyük fürsət: bir ay komissiyasız və svopsuz ticarət!
- 51 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
- 1 saat əvvəl
-
2 saat əvvəl
Gömrük statistikası açıqlandı: Azərbaycan daha çox satıb, daha az alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Azərbaycanda aşağı qiymətli avtomobillərin bazardakı payı artıb
İyunun 17-də gözlənilən hava şəraiti
Qlobal banklar neft qiymətləri üzrə proqnozlarını aşağı saldılar
Azərbaycana avtomobil idxalında ciddi geriləmə
Ən çox oxunanlar
ABB İslam İnkişaf Bankı Qrupunun illik toplantılarında rəqəmsal filialı ilə təmsil olunur
Zaur Kərimov: “İqtisadi transformasiyanın uğuru innovasiya, əməkdaşlıq və özəl sektorun fəal iştirakı ilə mümkündür”
AzInTelecom 73 mindən çox saxta IMEI kodu bloklayıb
AZZA 125-ci mağazasını açıb























