Dövlət KSM-i: strateji funksiyadan ictimai etimada qədər
Qlobal yanaşmalar göstərir ki, dövlət korporativ sosial məsuliyyəti (KSM) artıq sadəcə sosial təşəbbüs deyil, ictimai etimadı və strateji idarəetməni gücləndirən mühüm vasitədir. Bu barədə Azərbaycanda strateji kommunikasiya və ictimaiyyətlə əlaqələr (PR) üzrə ekspert Günel Əliyevanın Marja.az-a müsahibəsini təqdim edirik.
- Günel xanım, Dövlət KSM-in strateji funksiyası necə müəyyən edilir?
- Dövlət sektorunda KSM biznesdən fərqli olaraq mənfəət yox, ictimai rifah və dayanıqlı inkişaf üzərində qurulur. Burada əsas məqsəd sosial, ekoloji və idarəetmə (ESG) prinsiplərinin dövlət siyasətinə inteqrasiyasıdır. İctimai etimadın gücləndirilməsi, Dayanıqlı İnkişaf Məqsədlərinin icrası, sosial və ekoloji risklərin azaldılması, regionların inkişafı, idarəetmədə şəffaflıq və etik standartlar dövlət KSM-nin əsas strateji funksiyalarıdır. Məsələn, Almaniyanın Davamlı İnkişaf Kodeksi (DNK) — Almaniya daxilində davamlılıq üzrə hesabatlılıq sahəsində ən mühüm standartlardan biridir. Onun tam adı Deutscher Nachhaltigkeitskodex-dur. DNK şirkət və təşkilatlara davamlı inkişaf sahəsində fəaliyyətlərini sistemli və şəffaf şəkildə təqdim etməyə dəstək olan bir çərçivədir. Onun əsas məqsədləri: biznesdə şəffaflığın artırılması, ekoloji və sosial məsuliyyətin təşviqi, davamlı idarəetmənin inkişafı, hesabatların vahid standard üzrə hazırlanmasıdır. Bu standard daha çox kiçik və orta bizneslər, böyük şirkətlər, dövlət qurumları, qeyr-hökümət təşkilatları üçündür. Şirkətlər hər meyar üzrə məlumat verməli və ya bunu etmədikdə səbəbini göstərməlidirlər (“uyğunlaş və ya izah et” prinsipi). DNK-nın ən önəmli üstünlüyü isə onun sadə və ödənişsiz olmasıdır. Digər bir misala baxaq: Fraunhofer IAIS — Almaniya daxilində fəaliyyət göstərən aparıcı tədqiqat institutlarından biridir və xüsusilə süni intellekt, məlumat analizi və rəqəmsal transformasiya sahəsində ixtisaslaşıb. İnstitut şirkətlərə: ekoloji və sosial təsirlərin qiymətləndirilməsi, davamlı strategiyaların hazırlanması, ESG (Environmental, Social, Governance) yanaşmalarının tətbiqi kimi məsələlərdə dəstək olur. IAIS-in təqdim etdiyi əsas xidmətlərdən biri “360° davamlılıq yoxlaması” isə şirkətin bütün fəaliyyət sahələrini əhatə edir, ekoloji, sosial və idarəetmə faktorlarını birlikdə analiz edir, risk və imkanları müəyyənləşdirir, davamlı inkişaf üçün konkret tövsiyələr verir. Bu yoxlama sayəsində şirkətlər öz zəif və güclü tərəflərini daha yaxşı anlayır və uzunmüddətli, davamlı qərarlar qəbul edə bilirlər. Əslində bu şirkətlər üçün rəqabət qabiliyyətini artırmaq, ekoloji təsirləri azaltmaq, beynəlxalq standardlara uyğunlaşmaq yolunda dövlətin verdiyi böyük dəstək və həm də töhfədir.
- KSM dövlət qurumlarının ictimai etimadına necə təsir edir?
- İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) 2024-cü il “Etimad Soruğusu Hesabatı” na (Trust Survey 2024) görə vətəndaşların yalnız 39%-i hökumətə yüksək və ya orta etibar edir, 44% isə aşağı etimad göstərir.
BMT-nin United Nations Global Compact tərəfindən yayımlanan 2020-ci il üzrə Korporativ Sosial Məsuliyyət (CSR) və ESG hesabatına əsasən, KSM siyasətlərini tətbiq edən şirkətlərin təxminən 76%-i sosial layihələrin dövlət və özəl sektor arasında əməkdaşlığı gücləndirdiyini qeyd etmişdir. Hesabatda həmçinin vurğulanır ki, sosial proqramlara investisiya yatırılan ölkələrdə ictimai etimad səviyyəsi orta hesabla 10–15% daha yüksək qiymətləndirilir. Bu nəticələr göstərir ki, CSR və ESG strategiyaları yalnız biznes reputasiyasını gücləndirmir, eyni zamanda dövlət–biznes münasibətlərinin inkişafına və vətəndaşların həm hökumətə, həm də şirkətlərə olan ictimai etimadının artmasına mühüm təsir göstərir.
Bundan əlavə, World Bank tərəfindən yayımlanan 2021-ci il “Governance and Social Trust Report” hesabatında qeyd olunur ki, güclü idarəetmə mexanizmləri və sosial proqramların geniş tətbiq olunduğu ölkələrdə dövlətə etimad səviyyəsi 20–25% daha yüksək olur. Əksinə, korrupsiyanın yüksək olduğu ölkələrdə ictimai etimad orta hesabla 30% azalır. Hesabat həmçinin göstərir ki, dövlət və özəl sektor əməkdaşlığı əsasında həyata keçirilən sosial layihələrdə ictimai məmnunluq təxminən 18% artır. Bu yanaşma KSM siyasətlərinin dövlət idarəetməsinin “yumşaq gücünü” artırdığını və hökumətin sosial məsuliyyətli, vətəndaş yönümlü idarəetmə modeli formalaşdırmasına töhfə verdiyini sübut edir.
Ümumilikdə, qlobal şirkətlərin 90%-dən çoxunun CSR və ESG strategiyalarını rəsmi biznes planlarına daxil etməsi göstərir ki, korporativ sosial məsuliyyət artıq könüllü təşəbbüsdən daha çox strateji idarəetmə alətinə çevrilmişdir. KSM siyasətləri dövlət və biznes arasında əməkdaşlığı gücləndirir, sosial layihələrin effektivliyini artırır və vətəndaşların hökuməti daha aktiv sosial rol oynayan institut kimi qəbul etməsinə şərait yaradır. Deməli, dövlət qurumlarının ictimai etimadı qoruması üçün əlavə sosial siyasətlərə və KSM təşəbbüslərinə ehtiyac var.
- Dövlət KSM layihələrində təsir və kommunikasiya necə balanslaşdırılır?
- Korporativ Sosial Məsuliyyət və biznes etikası sahəsində tanınmış tədqiqatçılardan biri olan Jeremy Moonun “Dövlət və KSM” məqaləsində maraqlı yanaşma ilə çıxış edir. Ona görə dövlət KSM prosesində yalnız tənzimləyici institut kimi deyil, eyni zamanda tərəfdaş kimi çıxış etməlidir. Moon hesab edir ki, bu modeldə kommunikasiya birtərəfli məlumatlandırma formasından uzaqlaşaraq dialoq əsaslı münasibətlər üzərində qurulmalı və quruma bütün maraqlı tərəflər qərarvermə və icra prosesinə aktiv şəkildə cəlb edilməlidir. Sözügedən yanaşma “new governance” modelinə əsaslanır və dövlət, biznes, vətəndaş cəmiyyəti arasında qarşılıqlı əməkdaşlığın sosial idarəetmənin əsas elementi olduğunu vurğulayır.
Azərbaycan praktikasında bu yanaşmanın uğurlu nümunələrindən biri ASAN xidmət tərəfindən həyata keçirilən ASAN Məktub layihəsidir. Mən özüm də vaxtilə çalışdığım şirkətlərin birində bu layihə ilə əməkdaşlıq etmişəm. Layihə aztəminatlı ailələrdə yaşayan uşaqların arzularının reallaşdırılması, vətəndaşların geniş könüllülük prosesinə cəlb olunması, eləcə də dövlət və özəl sektor əməkdaşlığı prinsipləri üzərində qurulmuşdur. Bu nümunədə kommunikasiya yalnız məlumat vermək funksiyası daşımır, eyni zamanda vətəndaşların sosial proseslərdə birbaşa iştirakını təmin edən real sosial iştirak mexanizmi kimi çıxış edir.
- Beynəlxalq təcrübədə dövlət KSM modelləri necə fərqlənir?
- Beynəlxalq təcrübədə dövlət korporativ sosial məsuliyyət (KSM) modelləri əsasən üç istiqamətdə fərqlənir: rəqəmsal transformasiya, sosial inkişaf və dövlət–özəl sektor əməkdaşlığı. Müxtəlif ölkələr KSM siyasətlərini öz milli prioritetlərinə uyğun şəkildə formalaşdıraraq həm sosial rifahın artırılmasına, həm də dövlət idarəçiliyinin modernləşdirilməsinə yönəldirlər. Məsələn, Sinqapur hökümətinin həyata keçirdiyi “Smart Nation” layihəsi dövlət KSM-in ən inkişaf etmiş rəqəmsal modellərindən biri hesab olunur. Layihənin əsas məqsədləri ölkənin tam rəqəmsallaşdırılması, vətəndaşların həyat keyfiyyətinin artırılması, dövlət xidmətlərinin sürətləndirilməsi, ekoloji və nəqliyyat problemlərinin azaldılması, eləcə də rəqəmsal bacarıqların inkişaf etdirilməsidir. Layihə çərçivəsində smart şəhər infrastrukturu, sensor texnologiyaları və ağıllı nəqliyyat sistemləri, tam rəqəmsal dövlət xidmətləri, süni intellekt əsaslı idarəetmə mexanizmləri və ekoloji monitorinq sistemləri tətbiq edilir. Bu prosesdə Google və digər texnologiya şirkətləri dövlətlə birgə əməkdaşlıq edir. Sinqapur modeli göstərir ki, müasir dövrdə KSM artıq yalnız sosial yardım mexanizmi deyil, eyni zamanda rəqəmsal dövlət idarəçiliyinin strateji hissəsinə çevrilmişdir.
Birləşmiş Ərəb Əmirliyi modelində isə KSM əsasən humanitar fəaliyyət və qlobal sosial inkişaf istiqamətində formalaşdırılmışdır. Emirates və Emirates Airline Foundation tərəfindən həyata keçirilən proqramlar Afrika və Asiya ölkələrində məktəblərin tikintisi, təhsil materiallarının təmin edilməsi, xəstə uşaqlara tibbi yardım göstərilməsi, təbii fəlakətlər zamanı humanitar dəstəyin təşkili və könüllülük proqramlarının həyata keçirilməsi üzərində qurulub. Şirkət öz logistika və aviasiya imkanlarından istifadə edərək humanitar yardımların müxtəlif regionlara çatdırılmasını təmin edir. Bu model göstərir ki, dövlət KSM-i yalnız daxili sosial siyasət aləti deyil, həm də qlobal humanitar təsir və beynəlxalq sosial həmrəylik mexanizminə çevrilə bilər.
- Dövlət KSM layihələrinin effektivliyi necə ölçülür?
-Dövlət korporativ sosial məsuliyyət layihələrinin effektivliyi adətən çoxölçülü KPI (Key Performance Indicators) sistemi vasitəsilə qiymətləndirilir və bu qiymətləndirmə sosial, iqtisadi, ictimai, institusional və ekoloji göstəriciləri əhatə edir. Sosial təsirin ölçülməsi zamanı layihədən faydalanan şəxslərin sayı, məşğulluq göstəriciləri, təhsil və səhiyyə sahəsində əldə olunan nəticələr əsas indikatorlar hesab olunur. İqtisadi təsirin qiymətləndirilməsində yaradılan yeni iş yerləri, regionların inkişaf səviyyəsi və sosial xərclərin optimallaşdırılması kimi meyarlar nəzərə alınır. İctimai iştirak göstəricilərinə könüllülərin sayı, layihələrin əhatə dairəsi və dövlət–özəl sektor tərəfdaşlığının səviyyəsi daxildir. Şəffaflığın təmin olunması baxımından audit hesabatları, ictimai açıqlıq mexanizmləri və vətəndaş məmnunluğu sorğuları mühüm rol oynayır. Ekoloji təsirin qiymətləndirilməsi isə emissiyaların azalması, enerji qənaəti və tullantıların azaldılması kimi göstəricilər əsasında həyata keçirilir. Beləliklə, dövlət KSM layihələri yalnız sosial fayda yaratmaqla məhdudlaşmır, eyni zamanda iqtisadi səmərəliliyin artırılması, ictimai etimadın gücləndirilməsi baxımından strateji əhəmiyyət daşıyan mühüm idarəetmə mexanizmi kimi çıxış edir.
-Müsahibəyə görə, təşəkkür edirəm.
Müştərilərin xəbərləri
"PAŞA Həyat" "Chenot Palace Gabala" ilə tərəfdaşlıq çərçivəsində müştərilərin sağlamlığına fokusunu gücləndirir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 16 d. əvvəl
-
-
38 d. əvvəl
"Geoengineering" 2025-ci ilin birinci yarısını 484 min manat xalis mənfəətlə başa vurub
- 1 saat əvvəl
-
1 saat əvvəl
Elçin Yusubov: Xankəndinin yeni Baş Planına görə, şəhər 80 min nəfərlik olacaq
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycan futboluna böyük investisiya — “Sea Breeze Arena” layihəsinin əsası qoyulur
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycan neftinin son qiyməti
Azərbaycan və Gürcüstan 26 maydan Bakı-Tbilisi-Bakı üzrə sərnişin qatarlarının bərpası barədə razılığa gəliblər
Azərbaycan futboluna böyük investisiya — “Sea Breeze Arena” layihəsinin əsası qoyulur
Ən çox oxunanlar
Azərbaycana geyim əşyalarının idxalı azalıb
"Gələn ayın əvvəlində yeni yataqdan qaz hasilatına başlanılması ilə bağlı məlumat verəcəyik"
Dövlət KSM-i: strateji funksiyadan ictimai etimada qədər
Rəsmi məzənnələr açıqlandı
"Biz yüksək neft qiymətlərindən müəyyən gəlir əldə etsək də, bazarlarda investisiyalarımızda itki baş verir"
"Uzunluğu 75 kilometr olan tunellərin 70 kilometri artıq istifadəyə verilib, 500 körpüdən 435-i artıq tikilib" - MÜSAHİBƏ
Azərbaycana çay idxalı 23% azalıb






.jpg)
.jpg)












.jpg)


